1978-ci il tarixində Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə bu universitetin, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası, 2007-ci ildə isə İngiltərənin Mançester Universiteti “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb. Həmçinin, Rusiya Federasiyasının Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.
İctimai fəaliyyətinə 1999-ci ildən başlayıb, bir çox ictimai və dövlət əhəmiyyətli layihələrə rəhbərlik edib. 2006-2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbər vəzifələrində çalışıb. 2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH qrupları”nın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəridir.
Gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Ailəlidir, iki övladı var.