20 Yanvar hadisələri baş verəndə 12 yaşım vardı. Hadisələrdən sonra bütün məktəblərdə olduğu kimi bizim məktəbimizdə də dərslərə fasilə verilmişdi. Bir neçə gün fasilədən sonra yenidən dərsə, məktəbə qayıtdıq. Məktəbi tanımaq olmurdu. Müəllimlərimizin simasında hər zamanki salamlama gülüşü artıq yox idi. İkinci mərtəbədə yerləşən sinif otağımıza qalxaraq bir yerə toplaşdıq. Zəngi gözləyirdik ki, müəlliməmiz gəldi.
Zəngdən öncə bizimlə söhbət etməyə başladı. Danışarkən göz yaşlarını saxlaya bilmirdi. Nə edəcəyimizi bilmədiyimiz anlardan biri idi. Çünki müəlliməmizi pozitiv, gülərüz, ideal, özünə əmin bir şəxs kimi tanıyırdıq. Bir az keçdikdən sonra müəlliməmiz ayağa qalxdı, bizi “Tarix” fənni üçün nəzərdə tutulan sinif otağına apardı.
Çoxlu müəllim və şagirdlər olan bu otaqda partalardan biri boş idi. Hamımızın diqqəti çəkən bu partanın üzərində qərənfillər vardı. Həmin partada bir neçə gün əvvələdək məktəbimizin şagirdi əyləşirdi.
20 Yanvar 1990-cı il, qanlı tarix günü bir şagirdimizin həyatına son qoyuldu. Bir anda hər şey dəyişdi. Bir neçə gün öncə bizimlə birlikdə dəhlizdə qaçan qız, Larisa Məmmədova artıq bizimlə deyildi. O anlar bügünə qədər gözümün qabağındadır. Sonra öyrəndik ki, Sovet qoşunlar Bakıya daxil olaraq mülki insanları öldürmüş, yüzlərlə insanı yaralamışdı.
Bu gün tarixi hadisələrin bir şahidi olan, Bakının girəcəyində, tanklara qarşı çıxan bir “canlı tarix”lə Hökməli kəndində görüşdük. Görüşdük, dərdləşdik…
30 ildən sonra elə bil ki, yenidən o gün, o, müəllimlərin simaları, o parta yenidən gözümdə canlandı. Müstəqilliyin mübarizə yolunda öz sağlamlığını qurban verən Gülbala müəllimlə yenidən o günləri “yaşadıq”, o mübarizəni xatırlayıb qürur duyduq. Gülbala müəllim həmin hadisələr zamanı öz sağlamlığını qurban vermiş olsa da, söhbət edərkən nə qədər kədərlənsək də, həyata inam və yüksək pozitivliklə baxır. Gülbala müəllimin ətrafında olan nəslinin azyaşlı davamçısı, övladı və dostları onun üzündə olan gülüşün səbəbidir. Biz həmin gecəni kədərlə xatırlasaq da vətən uğrunda qəhrəmanlıq göstərən vətəndaşlarımızın hekayələri Gülbala müəllimin timsalında bizi gələcəyə inamlı və mərd baxmağa sövq edir.
Azərbaycanı müstəqilliyə aparan yolda bir sıra matəm günləri var. 20 Yanvar nə qədər kədərli olsa da, bir o qədər də qürurvericidir.
" Election
No comments